“Razin tolkuçka”sı müştəri üzünə həsrət qalıb

“Razin tolkuçka”sı müştəri üzünə həsrət qalıb
15 ildir söküldüyü deyilən ticarət mərkəzində satıcılar icarə haqqından razılıq eləsələr də, alıcı qıtlığı burda da əsas problemdir...

Bir neçə il öncə Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən bir hissəsi sökülən “Razin tolkuçka”sı kimi tanınan “AzərBiznes” ticarət mərkəzində satıcılar müştərisiz qalıblar. Deyilənlərə görə, bazarda yalnız tanışı, əlaqələri geniş adam iş görüb, baş çıxara bilər. Əks təqdirdə burada işləyib, ailə saxlamaq müşkül məsələdir.

“Razin tolkuçka”sında olub, ümumi vəziyyətlə maraqlandıq. Öncə qeyd edək ki, artıq ərazidə bazarın bir zamanlar simvoluna çevrilən tıxac və antisanitariya müşahidə olunmur. Bu problem həllini tapıb və küçədə avtomobillər normal qaydada hərəkət edirlər.

Xatırladaq ki, hələ üç il bundan öncə satıcılarla Sabunçu RİH-in əməkdaşları arasında insident yaşanmışdı. Səbəb isə bazarın bir hissəsinin sökülməsi və ərazidə abadlıq işlərinin aparılması idi. Həmin zaman satıcıları qəbul edən Sabunçu RİH-nin rəhbərliyi 5 şərt irəli sürmüşdü: 1. tıxac probleminin həlli; 2. bazarda mühafizə polisinin olması; 3. əraziyə 50 ədəd nəzarət kamerasının quraşdırılması; 4. sanitar-gigiyenik vəziyyətə xüsusi diqqət yetirilməsi və 5. bazarın ərazisində müasir standartlara cavab verən yeraltı və ya yerüstü avtomobil dayanacağı olan müasir ticarət mərkəzinin tikilməsi.

İllər keçdi, tıxac və sanitar vəziyyətlə bağlı problem həll edildi. Lakin hazırda bazarda əlavə problemlər qalmaqdadır. Satıcıların ümumi problemi müştərinin olmamasıdır. Yalnız bazarın “prospekt” adlanan hissəsində alış-verişdə müəyyən canlanma var.

Bazarda satıcı işləyən Fərhad Quliyevin dediyinə görə, burada rəhbərliyin qoyduğu şərtlər hər kəs üçün uyğundur: “Şəhərin heç bir yerində buradakı kimi qiymətlər yoxdur. Bazar rəhbərliyi çox insan adamdır. Hər birimizi anlayır və lazımi güzəştləri edir. Burada orta sıralarda bütün kommunal, vergi və digər bu kimi xərclər də daxil olmaqla, kiçik mağazaların aylıq icarə qiyməti 300 manatdır. Bazarın girişinə yaxın olan ”prospekt" deyilən ərazi tərəfdə yerləşən mağazalar da bütün xərcləri ilə birlikdə 500 manatadır. Yəni bu, kifayət qədər uyğun qiymətdir. Ona görə də bu barədə hansısa satıcı yoldaşımız narazılıq edə bilməz. Belə götürəndə bura hər zaman insanın çox olduğu yerdir, dayanacağın ətrafıdır. Ancaq bununla belə, müştəri sarıdan son zamanlar çox əziyyət çəkirik. Orta sıralarda al-ver yox həddindədir. Bu hissələrdə əsasən kişi geyimləri satılır. Əgər kimsə burada çoxdan işləyir və müştərisi varsa, onlar qazana bilirlər. Yeni gələn, müştərisi də olmayan şəxs burada baş çıxara bilməz. Olur ki, kənardan gəlib burada mağaza götürüb işlədirlər, bir müddət sonra da çıxıb gedirlər. Orta sıralarda bağlanmış mağazalar da məhz bu cür səbəblərdən boş qalıb. Yuxarıda dedim ki, 300-500 manata icarə götürmək olur. Ancaq müdriyyətlə danışılanda bir qədər də endirim edir. O da başa düşür ki, vəziyyət yaxşı deyil".

Söhbətə qoşulan satıcı Qəmbər bildirdi ki, vəziyyətin yaxşı olmaması ilə bağlı söylənən fikirlərlə razı deyil. Satıcı hesab edir ki, vəziyyət başqadır: “Əgər vəziyyət yaxşı olmasaydı, camaatımız gedib Türkiyədə, Avropada yay uzunu dincəlməzdilər. Demək, vəziyyət bizim dediyimiz qədər pis deyil. Sadəcə olaraq problem odur ki, insanlar artıq bazardan alış-veriş etmək adətini tərgidiblər. Mərkəzdə açılan iri ticarət mərkəzləri bizim kimi obyektləri batırdı. Həm də əlimizdə maya olmadığı üçün mövsümün tələblərinə uyğun olan, yeni modellər də gətirə bilmirik. Ona görə də camaat gəlib baxır, heç nə bəyənməyib gedirlər. Bizdən mal alan elə əzəli müştərilərimizdir. Onların da əksəriyyəti yaşlı və orta nəslin nümayəndələridir. Gənclər üçün mal gətirəndə əlimizdə qalır. Ona görə də bazarın kişi mağazalarının çox olduğu hissəsində bir dənə də olsun, müştəriyə rast gəlmirsən. Elə oturub, əlimizi qulağımızın dibinə qoyub yuxulayırıq. Bir vaxtlar bazarın sökülməsi ilə bağlı qəzetlərdə yazılar verdilər. Onlar da bir az müştərimizi azaltdı. 15 ildir eşidirəm ki, bu bazar söküləcək. Ancaq yalan söhbətdir. Burada nə qədər adam işləyir, sökəcəklərsə bizə ucuz qiymətə şəhərin mərkəzinə yaxın yerdən obyekt verərlər. Bunu edə bilməyəcəklərsə niyə söküb camaatı ac qoyurlar?”

Bazarda geyim və digər bu kimi əşyalarla yanaşı tərəvəz, ət məhsulları da satılır. Maraqlısı budur ki, həmin məhsulların satıldığı ərazidə də müştəri çox azdır. Burada da satıcıların əsas şikayəti müştəri sarıdandır.

Bazara yaxın yaşayan sakinlərlə də söhbət etdik. Onlar isə satıcılardan fərqli olaraq Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliydən razılıqlarını bildirdilər. Bakıxanov sakinləri söylədilər ki, əvvəllər bu ərazilərdən keçmək mümkün deyildisə, indi hər şey normal qaydadadır: “Əvvəllər burada o qədər tıxac olurdu ki, camaat bazarın qarşısına ”Razin düyünü" deyirdi. Tıxacdan da əlavə pis qoxudan buradan keçməli deyildi. Ümumiyyətlə, Bakıxanov ərazisində bu kimi yerlər çox idi. Adil Vəliyev icra başçısı təyin ediləndən sonra problemləri həll etdi. Ona görə də vəziyyətdən razıyıq", - deyə ərazidə yaşayan sakinlər bildirdilər. (musavat)

“Razin tolkuçka”sı müştəri üzünə həsrət qalıb
“Razin tolkuçka”sı müştəri üzünə həsrət qalıb
“Razin tolkuçka”sı müştəri üzünə həsrət qalıb
“Razin tolkuçka”sı müştəri üzünə həsrət qalıb

Ulus.Az



Oxunub: 274



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]